02 Aprel 2018

İADC-nin Xəzər regionu üzrə Bölməsinin növbəti görüşü keçirilmişdir

Məlumat üçün bildiririk ki, 30 mart 2018-ci ildə Bakıda Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (İADC) Xəzər hövzəsi üzrə Bölməsinin növbəti rüblükiclası keçirilmişdir.

 

İADC-nin Yaxın Şərq və Afrika üzrə Regional təmsilçisi cənab Hişam Zebianın da iştirak etdiyi görüşdə Bölmənin 2018-ci il üçün nəzərdə tutulan yekun fəaliyyət planı müzakirə olunub.

 

Qeyd edək ki, Bölmənin fəaliyyət planında üzv şirkətlər və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və qazma sənayesi üzrə bacarıqlı kadrların yetişdirilməsi istiqaməti əsas prioritet sahələrdən biri kimi qeyd edilmişdir.

 

Belə ki, İADC-nin nəzdində Tələbələrlə İş Komitəsi fəaliyyətə başlayaraq neft-qaz sənayesinin aparıcı şirkətlərinin tələbələr üçün elan etdikləri İstehsalat Təcrübəsi Proqramı,Təqaüd Müsabiqələri və cari vakansiyalarla bağlı müvafiq təhsil müəssisələrində təşviqat işləri aparacaqlar.

 

«Səfir-Tələbə» statusu ilə fəaliyyət göstərəcək koordinatorlar ali təhsil müəssisələri və üzv təşkilatlar arasında körpü rolunu oynayaraq, ikitərəfli əlaqələrin geniş vüsət almasına öz töhfələrini verəcəklər.

 

Qeyd edək ki, hal hazırda İADC-nin Xəzər regionu üzrə  Bölməsinin Tələbələrlə İş Komitəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Ali Neft Məktəbinin və Azərbaycan- Fransa Universitetinin tələbələri təmsil olunur.

 

Həmçinin, Bölmənin cari il üzrə fəaliyyət planında sosial yönümlü layihələrin də həyata keçirilməsi nəzərdə tutulub.

 

Eyni zamanda rüblük iclaslarda tərəfdaş təşkilatların həyata keçirdiyi yeni layihələr və neft-qaz sənayesində tətbiq olunan yeni texnika və texnologiyalara dair təqdimat sessiyaları nəzərdə tutulur.

 

Cari görüşdə ABŞ-ın NOV şirkətinin məsul nümayəndəsi tərəfindən qazma qurğularının avtomatlaşdırılmasında son yeniliklərlə bağlı geniş təqdimat keçirilmişdir.

 

Qeyd edək ki, İADC-nin Xəzər hövzəsi üzrə Bölməsi qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq Bölməyə üzv olmaq istəyən təşkilatların sayı getdikcə artır. Hazırda üzv təşkilatların sayı 28-dir.

 

Qeyd edək ki, baş ofisi ABŞ-ın  Hyuston şəhərində yerləşən IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni ətrafında birləşdirən qeyri-kommersiya təşkilatıdır.

 

İADC 70 ilə yaxın bir müddətdə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir.