Fuad Behbud

Maliyyə üzrə direktor

Fuad Behbud ali təhsilini 1998-ci ildə Türkiyənin Boğaziçi Universitetində “Biznesin idarə edilməsi” üzrə tamamladıqdan sonra İstanbulda yerləşən Nurol Menkul Değerler şirkətində İstanbul Səhm Birjasında səhmləri ticarət edən şirkətlər üzrə analitik vəzifəsində işə başlayıb. 1999-cu ilin iyul ayından etibarən o, fəaliyyətini ABŞ-ın investisiya şirkətlərindən olan Raymond James Securities-in İstanbul ofisində davam etdirib.

 

Mühasibatlıq və vergi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə F.Behbud 2002-ci ildə Amerikanın Kaliforniya Universitetinin “Mühasibatlıq və Federal Vergiləndirmə” proqramına müraciət edib və 2004-cü ildə bu proqramı tamamlayıb.

 

F.Behbud 2004-cü ildə Azərbaycana geri döndükdən sonra isə iş fəaliyyətinə ilk əvvəl Deloitte&Touche şirkətində auditor olaraq başlayıb və daha sonra BP Azərbaycan şirkətində kommersiya məsələləri üzrə analitik vəzifələrində çalışıb. O, 2005-ci ildə Amerikanın Kaliforniya ştatında təşkil olunan “Uniform Certified Public Accountant” (CPA) imtahanlarından müvəffəqiyyətlə keçərək, Kaliforniya Mühasibatlıq Şurasının CPA sertifikatı ilə təltif edilib.

 

2006-cı ildən F.Behbud Karasu Neft Əməliyyatları Şirkətində Maliyyə nəzarətçisinin müavini vəzifəsində iş fəaliyyətinə davam edərək 2008-ci ildə bu şirkətin Maliyyə meneceri vəzifəsinə yüksəlmişdir. Fuad Behbud, 2009-cu ildən etibarən Norm MMC şirkətində Baş Maliyyə direktoru vəzifəsində işə başlayıb və onun Cənubi Qafqazın ən böyük sement zavodunun tikintisinin açar təslimi üzrə tender prosesinin təşkilində, zavod tikintisinin maliyyələşdirilməsində və daha sonra istehsal/satışa başlamasında müstəsnə rolu olub. O, maliyyə rəhbəri olaraq 300 milyon ABŞ dolları həcmindəki ümumi investisiya məbləğinin səhmdar kapitalından xaric hissəsini yerli və beynəlxalq banklar vasitəsiylə tam maliyyələşdirilməsini və əməliyyatlara başladıqdan sonra 4 il müddətində bu bank borclarının tam həcmdə bağlanmasını təmin edib. Bununla birlikdə, Fuad Behbud Norm MMC-də Maliyyə və Satınalma sistemlərinin bünövrədən qurulmasında və istehsalat, texniki qulluq, satış, distribusiya və maliyyə idarəetməsini da ihtiva edən biznes proseslərin avtomatlaşdırmasını təmin edən SAP sistemlərinin uğurlu tətbiqinə birbaşa rəhbərlik edib.

 

Fuad Behbud 2020-ci il Sentyabr ayının 1-dən etibarən SOCAR AQŞ şirkətində Maliyyə Direktoru vəzifəsinə təyin olunub və hazırda şirkətin həm Azərbaycan həm də ölkə hüdudlarından kənarında yerləşən bizneslərinin maliyyə idarəedilməsinə rəhbərlik edir.