01 İyun 2019

SOCAR AQŞ 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfrasında uğurla iştirak edib

30-31 may 2019-cu il tarixlərində SOCAR AQŞ «Bilgah Beach» Otelində keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfrasında iştirak edib.

 

Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir olan Beynəlxalq Xəzər Neft və Qaz konfransı 26 il ərzində əldə etdiyi uğur tarixçəsi sayəsində regionun əsas sənaye forumu statusunu qazanmışdır.

 

Bu il SOCAR AQŞ beynəlxalq konfransın Bürünc sponsoru qismində tədbirə dəstək verib. Konfrans hər il aparıcı şirkətlərin mütəxəssisləri arasında əsas neft-qaz layihələrinin müzakirəsi xüsusunda fikir mübadiləsi üçün müstəsna imkanlar yaradır.

 

Konfransın ikinci günündə Baş direktorun müavini/ Baş geoloq İftixar Qasımov geoloji nöqteyi nəzərdən öz mürəkkəbliyi ilə seçilən «Bulla» qaz yatağında yeni texnika və texnologiyaların tətbiqi sayəsində agırçəkili aralıq kəmərlərin birdəfəyə endirilməsi və sementlənməsi mövzusunda maraqlı təqdimatla çıxış edib.

 

. Qasımov çıxışının əvvəlində qeyd edib ki, «Bulla-6» saylı dəniz stasionar özülündə yüksək temperaturlu və yüksək təzyiqli quyuların qazılması üçün nəzərdə tutulan yeni nəsil qazma qurğusunun və avadanlıqlarının seçilməsi və işlərin optimallaşdırılması istiqamətində müəssisə rəhbərliyi sifarişçi ilə mütəmadi olaraq sıx əməkdaşlıq edib. Potensial risklərin minimuma endirilməsi və əvvəlki layihələrdən toplanmış təcrübələrdən sistemli şəkildə istifadə edilərək «DWOP» (əməliyyatlara hazırlıq ərəfəsində bütün tərəfdaşlarla birgə Quyu tikintisinin kağız üzərində tərtibi) tədbirləri həyata keçirilmişdir.

 

Hazırlıq işləri çərçivəsində qullənin və qurğunun digər elementlərinin daşınmasında iri modullardan istifadə olunduğuna görə yükdaşınmaların müddəti xeyli azalmış və risklər minumuma endirilmişdir. Həımçinin, ilk dəfə olaraq SOCAR AQŞ mütəxəssislərinin təklifləri əsnasında «Bulla-6» saylı özülün layihələndirilməsində texnoloji proseslərin tələbatına uyğun müxtəlif təyinatlı məhlulların saxlanılması üçün vertikal tipli çənlərdən istifadə olunmuş və nəticədə özüldə daha az sahədə iri həcmli quraşdırma işlərini görmək mümkün olmuşdur.

 

Daha sonra müəssisə tərəfindən «Bulla-6» saylı özüldən qazılmış 78 və hazırda qazılmaqda olan 113 nömrəli quyularda həyata keçirilən ilklərdən danışan natiq qeyd edib ki, yüksək təzyiqli «Bulla» yatağından 78 nömrəli kəşfiyyat quyusunun yüksək keyfiyyətlə, bir sıra ilklərə imza atmaqla qazılaraq sifarişçiyə təhvil verilməsi Azərbaycan qazmaçılarının növbəti uğuru olub.

 

‘’Belə ki, ümumi çəkisi havada 530 ton olan 13 3/8" qoruyucu kəmərin 4938 m dərinliyə, çəkisi 380 ton olan 9 5/8" qoruyucu kəmərin isə 5400 m dərinliyə birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olmuşuq. Bununla da qoruyucu kəmərin dərin quyularda iki mərhələdə endirilməsi ənənəsinə son qoyulub.

 

Bu texniki həll variantı həmçinin quyuların qazılmasında vaxta xeyli qənaət olunmasında və xərclərin optimallaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Həmçinin, quyu tikintisi zamanı layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci və 7-ci horizontlardan süxur nümunələri uğurla götürülmüşdür.

 

3000 at gücünə malik olan Drillmec yeni nəsil qazma avadanlığından uğurla istifadə edən müəssisə «Bulla» yatağının 6 saylı dəniz stasionar özülündə 113 nömrəli quyuda ağırçəkili aralıq kəmərinin birdəfəyə endirmək cəhdini də uğurla həyata keçirib. Belə ki, ümumi çəkisi havada 546 ton olan ikinci 13 3/8" aralıq kəmərin 5093 m dərinliyə, çəkisi 393 ton olan texniki 9 5/8" kəmərin isə 5620 m dərinliyə 26 dərəcə əyrilik bucağı altında birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib.

 

Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və temperaturlu quyuların qazılması zamanı və o cümlədən, «Bulla» yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsini ilk dəfə olaraq SOCAR AQŞ həyata keçirmişdir.

 

Qeyd etmək istəyirəm ki, 113 saylı quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı əsas sifarişçimiz olan «Azneft» İstehsalat Birliyi ilə vaxtaşırı müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir və sifarişçinin təyin etdiyi bütün texnoloji parametrlərə uyğun quyunun keyfiyyətlə qazılması üçün peşəkar komandamız var gücü ilə səfərbər olub.

 

Əminəm ki, bizim müəssisəyə qazılması həvalə olunan digər quyuları da mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəyik’’.

 

Qeyd edək ki, müəssisənin Xəzər dənizinin Azərbaycan sektorunda «Bulla» yatağında həyata keçirdiyi əməliyyatlara dair hazırlanmış təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub. Milli müəssisədə qabaqcıl standartlaşdırma üsullarının tətbiqi konfransın moderatoru – SOCARın Geologiya və Geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov tərəfindən yüksək qiymətləndirilmiş və bu dəyər SOCAR AQŞ-nin milli qazma sənayesindəki yenilkçi statusunu bir daha təsdiq etmişdir.

 

Redaktorlar üçün qeyd:

 

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və  ‘’Bulla’’ yatağında  6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ)  ‘qazma işləri aparır. 

 

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. 2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

 

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.