29 Yanvar 2019

DAHA BİR ‘’DWOP’’ TƏDBİRİ UĞURLA KEÇİRİLDİ

29 yanvar 2019-cu il tarixində “SOCAR AQŞ” Fairmont otelində Günəşli-7 özülündə qazılacaq 38 nömrəli quyu üçün ‘’DWOP’’ (Quyu qazılmasının layihələndirilməsi) tədbirini təşkil etmişdir.

 

Tədbirdə “SOCAR AQŞ” və sifarişçi – ‘’AzNeft’’ İstehsalat Birliyinin - rəhbərliyi və texniki heyəti ilə yanaşı, SOCAR-ın digər qurumlarının və podratçı şirkətlərin nümayəndələri də iştirak etmişdir. Tədbirin əvvəlində platformada aparılan qazma işlərində əldə edilmiş uğurlar barədə video çarx nümayiş olundu. Daha sonra, “SOCAR AQŞ”-nin Baş Direktorunun müavini, baş qeoloq İftixar Qasımov qazılacaq quyularda potensial risklərin minimuma endirilməsi və əvvəlki layihələrdə toplanmış təcrübələrdən sistemli şəkildə istifadə etmək məqsədi ilə ‘’DWOP’’ tədbirlərinin keçirilməsinin “SOCAR AQŞ” üçün böyük əhəmiyyətə malik olduğunu bildirdi.  

 

‘’AzNeft’’ İB-nin quyuların təmiri üzrə  Baş Direktorun müavini Mehdi Vəliyev sifarişçi adından tədbirin təşkil olunmasına görə “SOCAR AQŞ”-nin rəhbərliyinə təşəkkürünü bildirdi və qarşıda qoyulan məqsədlərə çatmaq üçün bu tədbirin yüksək tövhə verəcəyinə inandığını qeyd etdi.

 

Tədbirin moderatoru, “SOCAR AQŞ”-nin qazma meneceri Qraham Klark ‘’DWOP’’ tədbirinin keçirilməsindən gözləntilər barədə təqdimatla çıxış etdi. “SOCAR AQŞ”-nin məsul əməkdaşları Sevinc Qasımova və Fərxan Cabbarov öz növbələrində 38 nömrəli quyunun geoloji tərtibat və qazma planını tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

 

Daha sonra özüldə servis xidmətlərinin göstərilməsi üzrə tenderlərdə qalib olmuş şirkətlər müvafiq qaydada çıxış edərək öz iş planlarını tədbir iştirakçılarına təqdim etdilər.  

 

Tədbir hər seksiya üzrə potensial risklər və bunların aradan qaldırılması üçün imkanların müəyyənləşdirilməsi məqsədi ilə keçirilən qrup müzakirələri şəklində davam etdirildi. Tədbirin sonunda qrup müzakirələrində yüksək fəallıq göstərmiş iştirakçılara hədiyyələr təqdim olundu.

 

“SOCAR AQŞ” ‘’DWOP’’ tədbirlərindən maksimum dərəcədə yararlanmaq üçün tədbirlərdən əldə olunmuş önəmli nəticələri hazırki və gələcəkdə qazılacaq quyuların layihə planlarına əlavə etmək niyyətindədir.