04 Noyabr 2017

Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) vitse-prezidenti SOCAR-AQŞ-də olmuşdur

Məlumat üçün bildiririk ki, Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (İADC) Beynəlxalq İnkişaf üzrə vitse-prezidenti cənab Mike DuBose və Assosiasiyanın Dubay nümayəndəlyinin regional təmsilçisi cənab Hişam Zebian SOCAR-AQŞ-nin dəvəti ilə oktyabr ayının 29-dan noyabr ayının 3-nə kimi Bakıda rəsmi səfərdə olublar.

 

SOCAR-AQŞ-də keçirilən görüşlərdə qonaqlar müəssisənin həyata keçirdiyi qazma layihələrinə dair müxtəlif təqdimatlarla tanış olmuşlar.

 

Görüş zamanı cənab Mike DuBose Azərbaycanda səfərdə olduğu müddətdə sənaye müəssisələrinin inkişafı, ali məktəblərin kadr hazırlığı siyasəti və ümumilikdə respublikada aparılan islahatlardan məmnunluğunu ifadə edərək ilk səfər təəssüratının zəngin və xoş olduğunu vurğulamışdır.

 

Ali qonaq SOCAR-AQŞ-nin fəaliyyətini yüksək qiymətləndirərək müəssisənin respublika əhəmiyyətli bir sıra layihələrin əsas təşəbbüskarı qismində çıxış etməsindən məmnunluğunu ifadə edib.

 

Cənab Mike DuBose İADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin yaradılması istiqamətində SOCAR-AQŞ-nin iki ildən çox bir müddətdə yerli və regional tərəfdaşlarla apardığı məhsuldar müzakirələrin əhəmiyyətini vurğulayaraq yeni təsis olunan bölgə nümayəndəliyinin üzvlük sertifikatını müəssisənin rəhbərinə təqdim edib.

 

Qeyd edək ki, IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni ətrafında birləşdirməklə sənayedə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir.

 

IADC-nin yeni yaranan Xəzər hövzəsi üzrə Komitəsi regionda qazma sənayesində tanınmış milli və regional şirkətlərin, təhsil müəssisələrinin və beyin mərkəzlərinin bir araya gətirilməsində xüsusi rol oynayacaq.

 

Qeyd edək ki, İADC-nin Xəzər hövzəsi üzrə Komitədə SOCAR-AQŞ ilə yanaşı beynəlxlaq qazma şirkətlərinin nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri təmsil olunur.