29 May 2017

SOCAR-AQŞ növbəti dəfə Karyera Sərgisində iştirak edib

27 may 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  II-ci Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 56 şirkət, 1500-ə yaxın tələbə və məzun iştirak edib.

 

Bu dəfəki sərgidə müəssisəmizi İnsan Resursları şöbəsinin məsul əməkdaşları Mehriban Məmmədova və Nəsibə Şərifzadə təmsil ediblər. Əməkdaşlarımız müəssisədə mövcud olan vakansiyalar və Yay İstehsalat Təcrübə Proqramı barəsində sərgi iştirakçılarını məlumatlandırıblar.

 

Qeyd edək ki, SOCAR-AQŞ son illər ərzində mütəmadi olaraq təhsil müəssisələri tərəfindən təşkil olunan  Karyera Günlərində fəal iştirak edir.  Bu cür tədbirlər zamanı müəssisədə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, SOCAR-AQŞ-nin fəaliyyəti və iş prinsipləri barəsində iştirakçılara ətraflı məlumat verilir.

 

Məlumat üçün bildirək ki, SOCAR-AQŞ 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu memoranduma əsasən tərəflər arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılır, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə kurslar təşkil olunur. Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan və müəssisənin müvafiq tələblərinə cavab verən tələbələr SOCAR-AQŞ-nin Tələbə Təqaüdü Müsabiqəsində iştirak etmək imkanı əldə edirlər.