10 Sentyabr 2016

SOCAR-AQŞ ‘’Günəşli’’ yatağında növbəti quyuda qazma işlərinə başlayıb

SOCAR-AQŞ “Günəşli’’ yatağındakı 11 saylı stasionar dəniz özülündən 31 saylı quyuda qazma işlərinə başlayıb.

 

Qeyd edək ki, 31 saylı quyunun Qırmaki Altı Lay Dəstəsinə (QAD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 4100 metr təşkil edir. 

 

Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

Redaktorlar üçün qeyd: 

 

SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, ‘’Ümid’’ yatağının 1 saylı,  “Qərbi Abşeron” yatağının 20 saylı və‘’Bulla’’ yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ)  qazma işləri aparır.

 

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. SOCAR-AQŞ, API  Spec Q2 sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.