2016-2017-ci tədris ili üzrə SOCAR AQŞ Tələbə Təqaüdü Müsabiqəsinin qalibləri elan olundu
Məlumat üçün bildiririk ki, SOCAR AQŞ neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri İbrahim Məmmədova və Yasin Musayevə müəssisənin 2016-2017-ci tədris ili üçün nəzərdə tutulan Tələbə Təqaüdünün verilməsi qərarını açıqlayıb. Təhsildə yüksək nailiyyət əldə edən və nümunəvi davranış göstərən hər iki tələbə müəssisə tərəfindən təşkil olunmuş müsabiqəni uğurla keçərək qalib olublar.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və ali təhsil müəssisələrinin pedaqoji-müəllim heyəti iştirak etdilər.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, SOCAR AQŞ yarandığı gündən gənc kadrların hazırlanması məsələsinə xüsusi həssaslıqla yanaşır.
"Gələcəyin qazma mühəndisləri üçün Tələbə Təqaüdünün təsis edilməsi hər bir yerli sənaye müəssisəsi üçün örnək olmalıdır. Hər iki tələbə respublikamızın bölgələrində boya-başa çatmış gənclərdir. Onlar təhsildə əldə etdikləri nailiyyətlərə və yüksək akademik göstəricilərə görə digər tələbələri üstəliyərək müsabiqənin qalibi olubar. Onlara bu uğuru qazandıran yalnız və yalnız bilikdir. Bilik, zəhmət və öz üzərində davamlı olaraq çalışmaq istənilən zəfəri əlçatan edir’’.
Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoru Qasım Məmmədov çıxış edərək bildirdi ki, neft-qaz mühəndisliyi sahəsi üzrə təqaüdün təsis edilməsi tələbələr arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq istiqamətində tətbiq edilən uğurlu layihələrdən biridir.
‘’SOCAR AQŞ ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əlaqələrin bugünkü mənzərəsi bizi qane eməklə yanaşı çox sevindirir. Tələbəmiz Yasin Musayevin qələbəsi həm də fədakar müəllimlərimizin uğurudur’’.