16 Fevral 2020

Enerji Hakatonunun qalibləri “Planet üçün yarat 2020” yarışmasının virtual mərhələsində iştirak edib

SOCAR AQŞ və Texas A&M Universitetinin birgə təşəbbüsü ilə keçirilən Enerji Hakatonunun qalibi olan üç komanda 14-16 fevral 2020-ci il tarixlərində Texas A&M Universitetinin təşkil etdiyi Planet  üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak edib. Komandalar hakatonun əvvəlində verilmiş məsələnin həlli üzərində 48 saat dayanmadan çalışaraq öz həllərini təklif edib.

 

Virtual yarışmanın iştirakçıları öncə SOCAR AQŞ və Texas A&M Universitetinin birgə təşəbbüsü və Innoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə 7-9 fevral 2020-ci il tarixlərində keçirilən Enerji Hakatonunda yarışıblar. İştirakçı komandalar spesifik enerji problemi ilə bağlı yaradıcı həllər və prototiplər irəli sürüb.   Dayanıqlı cəmiyyət, qlobal enerji problemlərinin həllinə həsr olunan layihə zamanı müxtəlif universitetlərin tələbələ və magistrlərindən ibarət 10 komanda yarışıb.  Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət (UFAZ) “Deep divers”, Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət “E- zone” və  Moskva Dövlət Universitetinin Bakı Filialının tələbələrindən ibarət “Amirli” komandası Enerji Hakatonunun qalibi olaraq Planet  üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak hüququ əldə ediblər.

 

Virtual yarışmanın qalibi olacaq komanda isə Planet  üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının 30 mart-2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində ölkəmizi təmsil edəcək.

 

Müsabiqə ilə bağlı bütün xərclər SOCAR AQŞ tərəfindən qarşılanır. Yarışmanın nəticəsi olaraq innovativ ideyalar daha sonra inkişaf etdirilə, ölkə sərhədlərini aşan beynəlxalq startup layihəsinə çevrilə bilər.