08 Noyabr 2019

SOCAR AQŞ Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub

SOCAR AQŞ hesabatlılıq və şəffaflıq üzrə beynəlxalq standartları hazırlayan nüfuzlu Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə (GRI) üzv olmaqla bu sahədə Azərbaycan müəssisələri arasında ilkə imza atıb.

 

GRI-yə qoşulmaqla müəssisə iqtisadi inkişafın mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, mütərəqqi idarəetmə, nəzarət forma və metodlarının yaradılması, monitorinq sisteminin təkmilləşdirilməsi və statistika infrastrukturunun yaxşılaşdırılması sahələrində qabaqcıl standartları tətbiq edir.

 

Məlumat üçün bildiririk ki, 1997-ci ildə təsis edilmiş və baş qərargahı Amsterdamda yerləşən GRİ hesabatlılıq standartlarına görə dünyada ən çox istinad edilən qabaqcıl beynəlxalq təşkilatdır. GRI dövlət təsisatlarını, özəl sektor və vətəndaş cəmiyyətlərini beynəlxalq standartlara istinad edərək fəaliyyətlərində şəffaflıq və hesabatlılıq meyarlarının əsas götürülməsinə dəvət edir.

 

Qeyd edək ki, istənilən təsisatın fəaliyyətində GRI standartlarının tətbiqi risklərin müəyyənləşdirməsi və idarə edilməsinə, maraqlı tərəflərlə konstruktiv əlaqələrin genişləndirilməsinə, rəqabətədavamlılığın, nüfuzun və etimadın artırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir edir.