31 Oktyabr 2019

SOCAR AQŞ «Bulla -dəniz»yatağında daha bir quyu tikintisini uğurla və keyfiyyətlə başa çatdırdı

Milli qazma sənayesində ilk dəfə olaraq ümumi çəkisi havada 546 ton olan ikinci 13 3/8" aralıq kəmərin 5093 m dərinliyə, çəkisi 393 ton olan texniki 9 5/8" kəmərin isə 5620 m dərinliyə 25 dərəcə əyrilik bucağı altında birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib;

 

İlk dəfə olaraq,  Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazılması zamanı və o cümlədən, «Bulla -dəniz» yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsi uğurla həyata keçirilib;

 

İlk dəfə olaraq, «Bulla -dəniz» yatağında quyu lüləsi boyunca V horizontda və VII horizontun tavanına qədər geofiziki tədqiqat və lay təzyiqinin ölçülməsi işləri uğurla həyata keçirilib.

 

Məlumat üçün bildiririk ki, SOCAR AQŞ  6 saylı stasionar dəniz özülündən faktiki dərinliyi  6200  m olan 113 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırdı.

 

Qazma qurğusunun rəisi İlqar Məmmədov bildirib ki, 113 nömrəli quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı «Azneft» İstehsalat Birliyi ilə vaxtaşırı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib və sifarişçinin təyin etdiyi bütün texnoloji parametrlərə və tələblərə tam riayət olunub. ’’SOCAR AQŞ qazmaçıları dünyanın yüksək təzyiqli yataqlarından biri hesab edilən «Bulla-dəniz» də ilklərə imza atmaqla ən çətin sınaqların öhdəsindən uğurla gəldiklərini bir daha sübut etdilər. Əminliklə vurğulamaq istəyirəm ki, qazandığımız nailiyyətlər qarşımızda yeni geniş imkanlar açmaqdadır!’’. 

 

Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Keyfiyyət, Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (KSTTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

Redaktorlar üçün qeyd:

 

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla-dəniz’’ yatağında  6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır. 

 

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015;  ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

 

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

 

SOCAR AQŞ 2018-ci ilin noyabrından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Müəssisə 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub. Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.