05 Sentyabr 2023

SOCAR AQŞ təcrübə proqramı vasitəsilə gələcək istedadlara imkan yaradır

Məmnunluq hissi ilə bildiririk ki, müxtəlif universitetlərin dörd istedadlı tələbəsinin iştirak etdiyi yay təcrübə proqramımız uğurla başa çatmışdır.

 

SOCAR AQŞ gənc istedadların inkişafına daim töhfə verir, təcrübə proqramı vasitəsilə tələbələrə qazma sənayesi haqqında praktiki təcrübə və bilik qazandırmaq üçün dəyərli imkanlar yaradır.

 

Təcrübə müddətində tələbələr də öz işlərinə məsuliyyətlə yanaşaraq, şirkətə əhəmiyyətli töhfə veriblər.

 

Bakı Ali Neft Məktəbində Neft mühəndisliyi ixtisası üzrə təhsil alan Tural İsmayılov, SOCAR AQŞ-nin yay təcrübəsi proqramı ilə bağlı fikirlərini bölüşüb. Tural ümumi qiymətləndirməsində proqramın onun həm yumşaq (soft), həm də sərt (hard) bacarıqlarının təkmilləşdirilməsində böyük rolu olduğunu vurğuladı. O, həmçinin bildirib ki, proqram ona mühəndisliyin real dünyasına qərq olmağa, praktiki təcrübə qazanmağa və sənayenin müxtəlif aspektləri ilə tanış olmağa imkan yaradıb.

 

Təcrübəçilər şirkətin komanda üzvləri ilə əməkdaşlıq edərək, eləcə də nəzarət altında müxtəlif layihələrdə fəal iştirak edərək səmərəli işləmək bacarıqlarını nümayiş ediblər. ADNSU-nun Neft mühəndisliyi fakültəsinin tələbəsi Murad Niftiyev də təcrübə proqramından danışıb. Murad üçün proqramın ən əsas məqamlarından biri onun real qazma layihələrində fəal iştirakı olub. Bu praktik təcrübə ona qazma prosesinin planlaşdırılmasından icrasına qədər müxtəlif mərhələlərinin şahidi olmağa imkan verib.

 

Təcrübə proqramı zamanı hər bir tələbə SOCAR AQŞ-nin müvafiq şöbəsinə təhkim olunub. ADNSU-nun Biznesin idarə edilməsi fakültəsinin tələbəsi, Satınalma və təchizat şöbəsinin təcrübəçisi Aminə Rəcəbəliyeva proqramla bağlı öz təəssüratlarını bizimlə bölüşüb. Əvvəlcə Aminə tədarükçülərin seçilməsi ilə bağlı mühüm bacarıqlara yiyələndiyini qeyd etdi. Bu, təchizatçı seçim meyarlarını başa düşmək, onların imkanlarını qiymətləndirmək və potensial riskləri müəyyən etmək deməkdir. Aminənin təqdir etdiyi başqa bir məqam, tədarükçülərlə əlaqələrin idarə olunması idi. O, əlaqələrin idarə olunmasının uğurlu əməliyyat üçün vacibliyini vurğulayıb.

 

Təcrübəli mütəxəssislərin rəhbərliyi altında təcrübəçilər öz akademik biliklərinə və maraq dairələrinə uyğun olan müxtəlif tapşırıq və layihələrdə fəal iştirak ediblər. Bakı Mühəndislik Universitetinin İnşaat mühəndisliyi fakültəsinin tələbəsi Osman Rzayev də təcrübə proqramına böyük həvəs göstərib. Onun sözlərinə görə, tikinti sahələrinə getmək və mühəndislik işinin praktiki şəkildə həyata keçirilməsinin şahidi olmaq fürsəti ona xüsusilə maraqlı gəlib. Bu təcrübə onun inşaat mühəndisliyi sahəsinə baxışına əhəmiyyətli dərəcədə təsir edib.

 

SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev təcrübəçilərlə görüşündə onların işindən razı qaldığını bildirib: “Mən qürur duyuram ki, şirkətimiz təcrübə proqramımıza belə müstəsna gənc istedadları qəbul edib. Onların innovativ ideyaları, həvəsi və işinə sadiqliyi fəaliyyətimizdə yeni perspektivlər açıb. Əminəm ki, onların hər biri enerji sənayesinin gələcək liderlərinə çevriləcək”.

 

Proqram müddətində bütün istedadlı təcrübəçilərimizin müstəsna işi ilə qürur duyuruq. Təcrübə proqramımızda iştirak edən tələbələrə uğurlu fəaliyyətlərinə və dəyərli töhfələrinə görə təşəkkür edirik. Onlara təhsillərində və gələcək karyeralarında müvəffəqiyyətlər arzulayır, istənilən sahədə uğurlu olacaqlarına inanırıq.