Vüqar Səmədli
Direktorlar Şurasının üzvü
Neft və qaz sənayesində 16 illik beynəlxalq təcrübəyə, bilik və səriştəyə malik olan Vüqar Səmədli Nobel Energy şirkətində baş icraçı direktor (CEO) və Direktorlar Şurasının üzvüdür.
Hazırkı vəzifəsindən öncə, cənab Səmədli Nobel Energy şirkətində baş əməliyyat direktoru (COO) işləmişdir. Nobel Energy Qrupunun əməliyyatlarının səmərəli idarə olunmasına verdiyi dəyərli töfhə və Qrupun strateji hədəflərinə çatmasında dəstəyinə görə o, Nobel Energy şirkətində baş icraçı direktor təyin edilmişdir.
Cənab Səmədli ötən yeddi il ərzində bir sıra aparıcı rəhbər vəzifələr tutmuşdur. 2013-cü ildə o, SOCAR, Siemens və Target Petroleum arasında yaradılmış Birgə Müəssisə olan Oil & Gas ProServ-in baş direktoru vəzifəsində çalışmışdır. 2015-ci ildə Nobel Energy şirkətində işə başlamazdan öncə cənab Səmədli Nobel Energy şirkətinin filialı olan Global Energy Solutions şirkətinin baş direktoru vəzifəsində çalışıb.
Cənab Səmədli öz peşəkar karyerasına 2003-cü ildə BP şirkətində başlamış və getdikcə artan məsuliyyətli vəzifələr və layihələr vasitəsilə sürətlə müvəffəqiyyət əldə etmişdir. BP-də işlədiyi dövrdən sonra, o, DET-AL Holdinq and Azelektroterm şirkətlərində rəhbər vəzifələr tutmuşdur. 2009-2013-cü illərdə cənab Səmədli John Crane şirkətində Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya üzrə regional menecer vəzifəsində çalışmışdır.
Cənab Səmədli Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) Mexanika mühəndisliyi üzrə bakalavr, Florida Universitetində isə Mexanika mühəndisliyi üzrə magistr elmi dərəcələrinə yiyələnmişdir. O, həmçinin Corc Vaşinqton Universitetinin Layihə İdarəetməsi üzrə diplomuna malikdir və SMITH Group ilə Biznesin İdarəedilməsi üzrə Magistr (MBA) təhsili almışdır. Hazırda cənab Səmədli Azərbaycan Milli Elmlər Akademiyasında Kimya-Mexanika mühəndisliyi üzrə fəlsəfə doktoru (PhD) elmi dissertasiyasını müdafiə etmək üçün tədqiqat üzərində işləyir.
2019-cu ildə Vüqar Səmədli Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.