Qərbi Abşeron
“Qərbi Abşeron” yatağı Abşeron arxipelaqının Şimal Qərb hissəsində, Xəzər dənizi akvatoriyasında Abşeron yarımadasının şimalında, Bakı şəhərindən 65 km məsafədə yerləşir. “Qərbi Abşeron” qalxımı 1958-ci ildə kəşf edilmiş və ağır iqlim və meteoroloji şəraitlə xarakterizə olunur. Strukturdakı neft ehtiyatları 1996-cı ildə işlənməsinə başlanmış Qırmakı və aşağı Qırmakı lay dəstələri çöküntüləri ilə əlaqədardır. 2021-ci ilə qədər SOCAR AQŞ “Qərbi Abşeron” yatağında iki platformadan 32 quyu qazaraq istismara verib. SOCAR AQŞ, həmçinin “Qərbi Abşeron” yatağında ilk çoxşaxəli quyuda mühəndis-layihə və qazma işlərini uğurla başa çatdırmışdır.
Günəşli
“Günəşli” Xəzər dənizində, Bakıdan 120 km şərqdə yerləşən dəniz neft yatağıdır. Yataqda suyun dərinliyi 80 m (şimal-qərb) ilə 300 m (cənub-şərq) arasında dəyişir. Yataqdakı əsas neft və qaz quyuları 1980-ci ildən istismar olunur. SOCAR AQŞ 2021-ci ilə qədər 66 quyu qazmışdır. SOCAR AQŞ “Günəşli” yatağında ilk dəfə olaraq, maksimum 84 dərəcə kənarlaşma ilə üfüqi hasilat quyusu qazmışdır. Hazırda 7 saylı platformada üçüncü sıra quyuların qazılmasına hazırlıq məqsədilə quraşdırma və yenidən qurma işləri aparılır.
Bulla-dəniz
“Bulla-dəniz” yatağı Səngəçal – Duvannı - Xərə - Zirə ada yatağından 10 km cənub-şərqdə və Bakı arxipelaqının şimal hissəsində yerləşir. Struktur ilk dəfə 1957- ci ildə seysmik ölçmələr nəticəsində kəşf olunmuş və dərin kəşfiyyat - qazma işlərinə 1965-ci ildə başlanılmışdır. SOCAR AQŞ Xəzrə regionunda “Bulla-dəniz” yatağında lay təzyiqinin geofiziki tədqiqatlarını və ölçülərini uğurla həyata keçirən ilk qazma şirkəti olmuşdur. Bundan başqa, SOCAR AQŞ Xəzər dənizinin Azərbaycan sektorunda “Bulla - dəniz” yatağında beynəlxalq standartlara uygun yüksək təzyiq/yüksək temperatur şəraitində qazma işlərini həyata keçirən ilk qazma şirkəti olmuşdur. Bu günə kimi SOCAR AQŞ iki quyunu uğurla sifarişçiyə təhvil vermişdir. Hazırda yataqda qazma işləri davam edir.
Ümid
“Ümid” yatağı Azərbaycanın ikinci ən böyük qaz yatağıdır, Xəzər dənizinin cənubunda, Bakıdan təxminən 75 km cənub-şərqdə yerləşir. “Ümid” yatağının sərhədlrəi Xəzər dənizinin sahilindən şərq və cənub-şərq istiqamətlərində əvvəlcə kiçik, sonra isə böyük maillik bucağı ilə uzanır. “Ümid” yatağında dərin kəşfiyyat qazmalarına 1977-ci ildə başlanılıb, 1996-cı ilə qədər yataqda 9, 2009-2014-cü illərdə isə “Ümid-1” platformasında daha 3 quyu qazılıb. 2015-2019-cu illərdə SOCAR AQŞ “Ümid” platformasında layihə dərinliyi 6810 metr olan 16 saylı kəşfiyyat quyusundan sonra 6352 metr dərinlikdə 14 saylı istismar quyusunu qazmışdır. 16 saylı quyuda əvvəllər yataqda heç vaxt aparılmamış geoloji-geofiziki tədqiqatlar (MDT – modul layların dinamik sınaq cihazı, XPT – Sürətli lay təzyiqölçəni, VSP- şaquli seysmik profil, Elastik borularda perforasiya və s.) aparılıb. SOCAR AQŞ 2021-ci ildə dərinliyi 6270 metrə qdəər olan 18 saylı quyunun qazmasını başa çatdırmışdır.