14 İyun 2016

SOCAR AQŞ ADA Universiteti ilə əlaqələri genişləndirir

Məlumat üçün bildiririk ki, 14 iyun 2016-cı il tarixində SOCAR AQŞ-də ADA Universitetinin Biznesin İdarəedilməsi, Kompüter mühəndisliyi və Beynəlxalq əlaqələr fakültələrinin bakalavr pilləsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri ilə görüş keçirilmişdir. Görüş zamanı müəssisənin Biznesin İnkişafı, İqtisadi Planlaşdırma və Təlim və Təkmilləşdirmə şöbələrinin məsul əməkdaşları müəssisənin faəliyyət sahələrinə dair maraqlı təqdimatlarla çıxış etmiş və tələbələrin suallarını cavablandırmışlar.

 

Görüşdə müəssisənin yaranma tarixi, dəyərlər sistemi, fəaliyyət istiqamətləri, illər üzrə ümumi statistik göstəriciləri və sosial korporativ məsuliyət layihələrini özündə əks etdirən maraqlı video çarx nümayiş olundu.

 

ADA Universitetinin Karyera mərkəzinin direktoru Gülnur İsmayıl səmimi qəbula görə Baş direktora minnətdarlığını bildirib. Azərbaycanın aparıcı qazma müəssisələrindən biri olan SOCAR AQŞ ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını ifadə edən mərkəzin direktoru bu sahədə çoxsaylı perspektivlərin olduğunu qeyd edib. O, ADA Universitetində həyata keçirilən yeni layihələr və məzun hazırlığından geniş danışaraq sənaye müəssisələri ilə konstruktiv əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

 

Sonda görüşdə iştirak edən tələbələr təqdimatlardan məmnunluqlarını bildirərək görüşün təşkilinə görə SOCAR AQŞ rəhbərliyinə təşəkkür ediblər.

 

Qeyd edək ki, SOCAR AQŞ 2013-cü ildən etibarən tələbələr üçün Təcrübə Proqramı elan edir və müəssisə rəhbərliyi proqrama xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, səmərəli istehsalat təcrübəsi keçməsi və gənc milli kadrların yetişdirilməsi üçün lazımi şəraiti yaradır.