SOCAR-AQŞ kollektivi 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edib
19 yanvar 2017-ci il tarixində SOCAR-AQŞ kollektivi Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Daha sonra müəssisənin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir-sərgidə iştirak ediblər.
Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edərək şəhidlərə həsr edilmiş müxtəlif bədii və elmi-publistik nəşrlərlə tanış oldular.
Qeyd edək ki, sərgidə Azərbaycan yazıçılarının son illərdə qələmə aldıqları “Şəhidlər”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər”, “Qarabağ rüzgarları”, “Şəhidlər dastanı”, “Vətən çağırır” və digər kitablar nümayiş olunurdu.
Sonra tədbir-sərgidə çıxış edən müəssisənin məsul əməkdaşları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüzdən, faciənin başvermə səbəblərindən və bu hadisənin Azərbaycan tarixində özünəməxsus rolundan danışıblar.
Bildirilib ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyi tarixi bir gündür.
Müəssisə əməkdaşları Mərkəzi Elmi Kitabxanada vətənpərvərlik mövzusunda təşkil olunan digər sərgi guşələrinə də baş çəkərək kitabxanada oxucular və ziyarətçilər üçün yaradılan şərait ilə də yaxından tanış olublar.