27 İyun 2024

SOCAR AQŞ gənc istedadları dəstəkləməyə davam edir

 

SOCAR AQŞ SPE Azərbaycan bölməsinin təşkilatçılğı ilə keçirilən “SPE Drill Well on Paper” Texniki Proqramını dəstəkləməkdən məmnunluq duyur. 2024-ci ilin fevral ayından etibarən davam edən proqram müxtəlif yerli universitet tələbələrini qazma sənayesinə hazırlamaq üçün lazım olan bilik və bacarıqlarla təchiz edib.

 

“SPE DWOP” texniki proqramı inkişaf etməkdə olan sənaye üçün texniki hazırlığa diqqət yetirərək, iştirakçılara nəzəri anlayışlar və praktiki təcrübələr haqqında ətraflı məlumat verib. Proqram çərçivəsində tələbələr müxtəlif mövzularda texniki sessiyalar, sahə səfərləri, intelektual texniki oyunlar, seminarlar və praktiki tapşırıqlar vasitəsilə qazma sənayesini daha dərindən mənimsəyiblər.

 

Qeyd etmək istərdik ki, “SPE DWOP” texniki proqramına SOCAR AQŞ-nin qazma mühəndisi Gündüz Mahmudov rəhbərlik edir. Beş ay ərzində davam edən bu təhsil layihəsində müxtəlif yerli və beynəlxalq şirkət mühəndisləri tərəfindən quyuların qazılma və dizayn qaydaları, qazma məhlulları, qazma baltaları, qoruyucu kəmər və sementləmə, quyuda təzahürün qarşısının alınması mexanizmləri və bu kimi 30-dan çox texniki sessiya qrup işləri formatında təşkil olunmuşdur. Texniki sessiyaların keçirilməsində SOCAR, SOCAR AQŞ, BP, Halliburton, SLB, Baker Hughes, UBOC, SOCAR UPSTREAM, Azeri Mİ və digər sənaye nəhənglərinin nümayəndələri spiker qismində öz töhfələrini veriblər.

 

Bundan əlavə, proqramda tələbələri real qazma sənayesində baş verən əməliyyatlara yaxın mövzular üzərində işləməyə sövq edən layihə müsabiqəsi keçirilib. Müsabiqə çərçivəsində tələbələr qrup şəklində layihə tapşırığına əsasən “qazma proqramı” hazırlayıblar. Bir neçə şirkətin peşəkarlarından ibarət münsiflər heyəti tələbə qruplarının təqdim etdiyi layihələri qiymətləndiriblər. Sonda SOCAR AQŞ-nin sponsorluğu ilə bütün iştirakçı tələbələr müxtəlif hədiyyələrlə və SPE Azərbaycan bölməsi tərəfindən sertifikatlarla mükafatlandırılıblar.

 

Bütün qalibləri təbrik edir, uğurlarının davamını arzu edirik.