07 Noyabr 2023

SOCAR AQŞ Bulla-dəniz yatağı 18 saylı Stasionar Dəniz Özülündən ilk qaz-kondensat quyusunu qazacaq


 

Kompleks qazma və quyu xidmətləri üzrə aparıcı şirkət olan SOCAR AQŞ məmnunluq hissi ilə bildirir ki, SOCAR-ın Azneft İB üçün Bulla-dəniz yatağında 18 saylı stasionar dəniz özülündən ilk qaz-kondensat quyusunu qazacaq.


Bu münasibətlə, oktyabr ayının 27-si Bulla-dəniz yatağı 18 saylı stasionar dəniz özülündə (SDÖ) rəsmi mərasim keçirilib. 


Tədbirdə SOCAR, Azneft İB və "Neftqaztikinti" trestinin nümayəndə heyəti iştirak ediblər.


Layihə çərçivəsində SOCAR tarixində ilk dəfə olaraq Bulla-dəniz yatağında Qırmaki altı Lay Dəstəsi (QAD) horizontuna şaquli layihələndirilmiş axtarış quyusu qazılacaq və QAD lay dəstəsindən unikal geoloji-geofikizi tədqiqatlar aparılacaq. 


Tədbirdə iştirak edən SOCAR prezidentinin müşaviri və SOCAR AQŞ-nin Direktorlar şurasının üzvü Elçin Ağakişiyev: “Hesab edirəm ki, Bulla-dəniz yatağında həyata keçirələcək bu qazma layihəsi Azərbaycanın enerji strategiyası üçün olduqca önəmlidir və böyük bir işin başlanğıcıdır”.


Azneft İB-nin Baş direktoru Şahmar Hüseynov: “Bulla-dəniz çox böyük ehtiyatları olan yataqdır. Hasilatın artırılması baxımından yataqdan qazılacaq bu yeni quyu çox əhəmiyyətlidir. İnanıram ki, uzunmüddətli tərəfdaşımız olan SOCAR AQŞ yeni texnologiyalar və mütəxəssisləri ilə bu quyunun qazma işlərini də müvəffəqiyyətlə icra edəcək”.


SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev: “Bulla-dəniz yatağı 18 saylı SDÖ-dən həyata keçirəcəyimiz qazma layihəsi bizim üçün həm qürurverici, həm də məsuliyyətli işlərimizdən biridir. Hasilatla bağlı böyük gözləntilər var və biz vahid komanda kimi ən son texnologiyalardan istifadə etməklə və peşəkar qazmaçılarımızla birgə bu gözləntiləri uğurla qarşılayacağıq”.


Tədbirdə iştirak edən nümayəndə heyəti SDÖ-də çalışan neftçilərlə görüşərək, onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. 


SOCAR AQŞ layihə dərinliyi 6050 metr olan axtarış quyusunun qazma əməliyyatlarında səmərəli qazma qurğuları və yüksək keyfiyyətli avadanlıqların aparıcı istehsalçılarından biri olan “Bentec” şirkətinə məxsus 3000HP qurğusundan istifadə edəcək.


Qeyd edək ki, SOCAR AQŞ Bulla-dəniz yatağından bu günə qədər ümumilikdə üç quyunun qazma əməliyyatlarını uğurla həyata keçirib.