SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi üzrə qazma müqaviləsi imzaladılar
İnteqrə olunmuş qazma xidmətləri müqaviləsi Türkiyədəki Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi məqsədi ilə 40 quyunun qazılmasını nəzərdə tutur.
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. birgə müəssisəsi ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi çərçivəsində qazma müqaviləsini imzaladıqlarını bəyan etdilər.
Müqaviləyə əsasən, SOCAR AQŞ Türkiyənin Aksaray vilayətinin Duz Gölü bölgəsində 40 quyu qazaraq sifarişçiyə təhvil verəcəkdir. Müqavilənin təxmini dəyəri 100 milyon ABŞ dolları civarındadır.
İC İçtaş şirkətinin Baş direktoru Murat Mehmet Kurtuluş bildirib: “Bugünkü imzalama mərasimi iki şirkət və nəticə etibarı ilə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə yeni təkan verir. Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi üçün vacibdir və SOCAR AQŞ bu missiyanın uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir".
Türkiyədə quruda qazma bazarında özünə layiqli yer tutan ilk milli müəssisə - SOCAR AQŞ Azərbaycan qazma sahəsinin 150 ildən çox zəngin tarixinə söykənərək bu layihənin icrası zamanı gənc türk mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına da öz töhfəsini verəcəkdir.