03 Oktyabr 2019

18 nömrəli quyuda qazma işləri keyfiyyətlə başa çatdırıldı

SOCAR AQŞ  10 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 739 m olan 18 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırdı.

 

Əminik ki, dəyərlərinə daim sadiq qalan SOCAR AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Keyfiyyət, Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (KSTTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

Redaktorlar üçün qeyd:

 

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və ‘’Bulla’’ yatağında  6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır. 

 

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015;  ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

 

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

 

SOCAR AQŞ 2018-ci ilin noyabrından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub. Müəssisə 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub.

 

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.