16 Aprel 2019

«TuranDrilling & Engineering» şirkəti ВР ilə Azərbaycanda 500 milyon ABŞ dolları dəyərində müqavilə bağlayıb

Bu gün  KCA Deutag və SOCAR AQŞ şirkətlərinin birgə müəssisəsi olan «Turan Drilling & Engineering» MMC  “BP Exploration (Caspian Sea) Limited” (BP) şirkəti ilə ilk müqavilənin bağlanmasını elan edib.

 

Imzalanan müqavilənin təxmini dəyəri razılaşdırılmış müddət üzrə 500 milyon ABŞ dolları və müqavilə müddətinin uzadılması imkanları da nəzərə alınmaqla  700 milyon ABŞ dolları məbləğindədir. Müqavilə, Hasilatın Pay Bölgüsü Sazişinin müddəalarına əsasən, BP şirkətinin Xəzər dənizindəki 7 stasionar özülündə qazma qurğularının idarə edilməsi və onlara texniki xidmətin göstərilməsini nəzərdə tutur. Müqavilənin əhatə dairəsinə “Şərqi Azəri”, ‘’Qərbi Azəri’’, ‘’Mərkəzi Azəri’’, dərinsulu “Günəşli”,  habelə “Qərbi Çıraq”, “Çıraq” və “Şahdəniz” yataqlarındakı dəniz özülləri üzrə qazma qurğuları daxildir. Müqavilənin ilkin müddəti beş ildir və iki dəfə bir il müddətinə artırıla bilər.

 

2018-ci ilin iyul ayında təsis olunmuş “Turan Drilling and Engineering”  KCA Deutag və SOCAR AQŞ şirkətlərinin birgə müəssisəsidir. Birgə müəssisə, özündə qazma və mühəndis-layihələndirmə işlərinin yerinə yetirilməsi sahəsində dünyanın aparıcı podratçılarından sayılan KCA Deutag şirkətinin səriştəsini habelə SOCAR AQŞ-nin Xəzər regionunda qabaqcıl təcrübəsini və infrastrukturunu birləşdirir. 

 

Bugünkü xəbəri şərh edən KCA Deutag şirkətinin Baş direktoru cənab Nori Makkey bildirib ki,  KCA Deutag artıq uzun illərdir ki, Xəzər hövzəsində çalışır. ‘’Biz şadıq ki, BP  “Turan Drilling and Engineering” şirkəti ilə böyük əhəmiyyətə malik müqaviləni imzalamaqla Azərbaycanda yaratdığımız bu birgə müəssisənin potensialına inamını nümayiş etdirdi.  

 

Xəzər regionunda quruda və dənizdə qazma və mühəndis-layihələndirmə xidmətlər bazarı öz dinamik inkişafını davam etdirir və biz əminik ki, yerli müəssisə olaraq regionda mövcud olmağımız strateji mövqeyimizi gücləndirməklə yeni fürsətlərdən yararlanmağımıza imkan verir”.

 

SOCAR AQŞ

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Abşeron Qazma Şirkətinin şirkətinin təsis etdiyi və kompleks qazma və quyu xidmətləri göstərən müştərək müəssisədir. Şirkətin göstərdiyi xidmət sahəsinə neft və qaz quyuların qazılması, quyuların layihələndirilməsi və planlaşdırılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması kimi fəaliyyətlər daxildir. Bundan başqa, şirkət təchizat sistemlərinin, anbar təsərrüfatının və digər əlaqəli xidmətlərin idarə olunması sahəsində də zəngin təcrübəyə malikdir.

 

Hazırda SOCAR AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işlərini aparır.

 

Şirkətdə 1077 əməkdaş çalışır, onların da tam əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. SOCAR AQŞ Ukrayna və Banqladeşdə fəaliyyət coğrafiyasını genişləndirməklə müvafiq müqavilələr üzrə nəzərdə tutulan işlərin icrasını uğurla həyata keçirir.

 

2009-cu ildən etibarən şirkət Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının  (International Association of Drilling Contractors, IADC) üzvüdür. SOCAR AQŞ  inteqrə olunmuş qazma və quyu xidmətlərinin göstərilməsi sahəsində API Spec Q2- Keyfiyyət İdarəetmə Sisteminin standartının tələblərinə uyğun sertifikat ilə təltif olunmuşdur. SOCAR AQŞ regionda API Spec Q2 sertifikatı ilə təltif olunmuş ilk və yeganə qazma müəssisəsidir.

 

SOCAR AQŞ 2018-ci ilin noyabr ayında BMT Qlobal Sazişinə qoşulub.

 

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

 

 KCA Deutag

 

KCA Deutag şirkəti quruda və dənizdə qazma və mühəndis-texniki xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərən dünyanın aparıcı podratçılardan biridir.

 

Şirkətlər qrupunun daxilində dörd kommersiya müəssisəsi (Land, Offshore, RDS və Bentec) fəaliyyət göstərir. KCA Deutag və onun törəmə və əlaqəli şirkətləri dünyada 108 qazma qurğusunu istismar edirlər və Afrika, Avropa, Rusiya, Yaxın Şərq, Xəzər hövzəsi regionu, Kanada və Cənub-Şərqi Asiyadan cəlb olunmuş işçi qüvvəsinə malikdirlər. 

 

Platformalarda qazma əməliyyatlarının aparılması üzrə qırx ildən çox təcrübəyə malik olan KCA Deutag şirkəti dünyada platforma xidmətləri göstərən ən böyük əməliyyatçılardan biri sayılır. Birbaşa və ya yaratdığı müştərək müəssisələr vasitəsilə şirkət hal-hazırda 29 platformanın və iki “Gusto CJ70 Jack Ups” tipli qazma sisteminin idarə olunmasına nəzarət edir.  

 

Hal-hazırda şirkətin Azərbaycanda 780 əməkdaşı var, onların da 81%-i  Azərbaycan vətəndaşlarıdır. 

 

TƏQDİM OLUNAN MƏTBUAT XƏBƏRİNƏ ƏLAVƏ EDİLMİŞ FOTOŞƏKİL BP ŞİRKƏTİ TƏRƏFİNDƏN TƏQDİM EDİLMİŞDİR:

 

BP şirkəti Xəzər Dənizinin Azərbaycan sektorunda yerləşən “Mərkəzi Azəri” yatağında platformanı istismar edir.