20 Dekabr 2019

SOCAR AQS Bakıda unikal dinamik simulyatorlarla təchiz olunmuş Qazma Tədris Mərkəzini açdı

20 Dekabr 2019-cu il tarixində  Bakıda Xəzər Hövzəsi regionunun ən müasir Qazma Təlim Mərkəzi hesab edilən – Baku Drilling School açılıb.

 

Baku Drilling School-un açılış mərasimində yerli və beynəlxalq neft-qaz sənayesinin nüfuzlu təmsilçiləri hesab edilən SOCAR, BP, Total, Halliburton, Schlumberger, Weatherford, Gulf Drilling, Turan Mühəndislik və Qazma MMC və s. şirkətlərin yüksək nümayəndə heyəti iştirak edib.

 

Baku Drilling School ən innovativ qazma simulyatorları və beynəlxalq təcrübəyə malik mütəxəssisləri ilə regionda peşəkar qazmaçılar yetişdirəcək.

 

Neft-qaz sənayesinin müxtəlif sahələrinə dair 40-dan çox təlim proqramlarını təklif edən Baku Drilling School regionda Quyuya Nəzarət Beynəlxalq Forumu (IWCF), Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (IADC) və Dənizdə Neft Sənayesi Təlim Təşkilatı (OPITO) kimi nüfuzlu təsisatların akkreditasiyalarını əldə etmiş ilk təlim mərkəzidir.

 

Təlim mərkəzində dünyanın ən son çoxfuksional simulyatoru hesab edilən Endeavor XI Platinum dinamik simulyatoru quraşdırılıb. Endeavor XI Platinum simulyatoru layın geofiziki və geoloji xüsusiyyətlərini öncədən proqramlaşdıraraq quyuların qazılması zamanı baş verə biləcək mürəkkəbləşmələri və riskləri öncədən proqnozlaşdırmaqda və qarşısını almaqda mütəxəssislərə unikal təcrübə imkanı yaradır. Təlim iştirakçıları simulyatorun geniş imkanlarından yararlanaraq GeoCube modelinin 3D formatı vasitəsilə istənilən qazma qurğusunu və quyuları əhatəli təsvir və idarə edə bilir. Əldə olunmuş təcrübə sayəsində gənc kadrlar həm peşəkarlıq, həm də psixoloji baxımdan real qazma şəraitindəki tapşırıqların öhdəsindən uğurla gəlmək iqtidarında olurlar.

 

Baku Drilling School’’ MMC-nin direktoru, Nəriman Müstafayev bildirib: “Mərkəzin yaradılmasında bilavasitə böyük rolu olan SOCAR AQŞ yenilikçiliyi və öncüllüyü ilə bizə nümunədir. Əminəm ki, biz keyfiyyətli təlim proqramlarımızla və uğurlu fəaliyyətimizlə bu etimadı doğruldacağıq!”

 

Tədbirdə ‘’Baku Drilling School’’ MMC ilə Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransa Universiteti və Azərbaycan Texniki Universiteti arasında potensial əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.