SOCAR-AQŞ Azərbaycan qazma sənayesində növbəti rekorda imza atdı

  • 03/05/2017

    Məlumat üçün bildiririk ki, SOCAR-AQŞ Bulla yatağındakı 6 saylı dərin dəniz stasionar özülündən layihə dərinliyi 5900 m olan 78 nömrəli axtarış quyusunda qazma işlərini uğurla davam etdirir.

    Belə ki, Azərbaycan milli qazma sənayesində analoqu olmayan Drillmec HP 3000 at gücünə malik olan yeni nəsil qazma avadanlığından uğurla istifadə edərək uzunluğu 4938 m, ümumi çəkisi havada 530 ton olan 13 3/8” qoruyucu kəmərin quyuya birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olunub.

    Bulla-6 saylı dərin dəniz stasionar özülünün Qurğu rəisi Nəriman Müstafayev 78 nömrəli quyuda gedən qazma işləri barəsində öz fikirlərini bölüşərək qeyd edib ki, indiyə kimi dərin quyularda qoruyucu kəmərin endirilməsi bir neçə mərhələdə həyata keçirilməklə yanaşı vaxt itkisi, maliyyə vəsaitinin sərfiyyatı və əlavə risklərlərlə müşayiət olunub.

    Milli qazma sənayesində ilk dəfə olaraq, yeni texnika və texnologiyalardan istifadə etməklə dərin quyularda ağır çəkili qoruyucu kəməri birdəfəyə endirmək cəhdi uğurla həyata keçirilib.

    ‘’Peşəkar qazma briqadamız qoruyucu kəmərin endirilməsi işini uğurla və qısa müddət ərzində həyata keçirmişdir. Əlavə olaraq bildirim ki, sementləmə əməliyyatı da bir mərhələdə uğurla aparılmışdır.

    Hal-hazırda növbəti seksiyanın qazılmasına hazırlıq işləri görülür. 78 saylı quyunun Məhsuldar qatın VIII-ci horizontuna qazılması planlaşdırılır və növbəti seksiyada biz qazla doyumlu məhsuldar qata daxil olacayıq. Layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci, 7-ci və 8-ci horizontlardan süxur nümunələri götürüləcək.

    Əminəm ki, dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir’’.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı