08 Noyabr 2022

SOCAR AQŞ-də Zəfər Günü münasibətilə tədbir keçirilib

 

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun misilsiz qəhrəmanlığı və xalqımızın birliyi hesabına əldə etdiyimiz tarixi qələbənin il dönümüdür.

 

Bu münasibətlə SOCAR AQŞ-nin Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etmiş əməkdaşları ilə görüş keçirib. Tədbir vətən uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbirdə SOCAR AQŞ-nin rəhbər heyəti düşmən üzərində möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçılarına torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə minnətdarlıq bildirərək, onları şanlı qələbə münasibətilə təbrik ediblər. Əməkdaşlarımızın hərbi əməliyyatlarda göstərdikləri şücaətə görə müxtəlif dövlət təltiflərinə layiq görülməsinin kollektivdə qürur və iftixar hissi doğurduğu qeyd edilib.  

 

Görüş zamanı xalqımızın haqq işi uğrunda şəhidlik zirvəsinə ucalan SOCAR AQŞ-nin əməkdaşı Teymur Zeynalovun xatirəsi ehtiramla yad edilib.

 

Bu şanlı zəfərin il dönümü münasibətilə hər kəsi təbrik edirik!